SİYASƏT
Meksikanın inkişafına töhfə vermiş 200 əcnəbinin siyahısında Azərbaycan diasporunun rəhbərinin də adı vardır
Bakı, 27 oktyabr (AZƏRTAC). Azərbaycanlı alim Natiq Atakişiyevin adı Meksikanın inkişafına töhfə vermiş şəxsiyyətlərin siyahısına daxil edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Meksikanın Milli Miqrasiya İnstitutu ölkənin müstəqilliyinin 200 illik yubileyi münasibətilə “Dünyanın bizə hədiyyə etdiyi 200 meksikalı” adlı kitab dərc etdirmişdir. Kitabda müxtəlif ölkələrdən Meksikaya miqrasiya prosesinin tarixindən söz açılır. Həmçinin dövlətin elminin, mədəniyyətinin və digər sahələrinin inkişafına töhfə vermiş 200 əcnəbi haqqında məlumat da kitaba daxil edilmişdir.
Kitabda azərbaycanlı fizik, 1994-cü ildən Meksikada yaşayan və çalışan Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyevin həyatı barədə də məlumat əksini tapmışdır.
1939-cu ildə Bakıda anadan olmuş N.Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir, 2005-ci ildə Meksika vətəndaşlığını qəbul etmişdir. Azərbaycan, rus, ingilis və ispan dillərini bilir.
1994-cü ildən Meksikada tədqiqatçı kimi işə başlayan alim 1996-cı ildən UNAM-ın (Universidad Nacional Autonoma de Mexico) nəzdində Riyaziyyat İnstitutunun Kuernavaka şəhərində yerləşən bölməsində çalışmışdır. Elə həmin ildən Meksika Elmlər Akademiyasının üzvüdür. Onun dünyanın nüfuzlu jurnallarında 110, beynəlxalq konqreslərin materiallarında isə 51 məqaləsi dərc edilmişdir. Ailəlidir, iki övladı və iki nəvəsi var.
Natiq Atakişiyevin rəhbərlik etdiyi Latın Amerikası Azərbaycanlıları Assosiasiyası 2008-ci ilin sonunda fəaliyyətə başlamışdır. Assosiasiyanın məqsədi Latın Amerikası ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycanı və azərbaycançılıq ideologiyasını yüksək səviyyədə təmsil və təbliğ etməkdən ibarətdir. Bu, Latın Amerikası ölkələrində yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır. Bu il isə Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının internet saytı (www.azerbaijani-association.org) istifadəyə verilmişdir.
######