ELM VƏ TƏHSİL


Məktəb-ailə əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub

Bakı, 30 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə məktəb-ailə münasibətlərinin tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın daha səmərəli müstəviyə köçürülməsi üçün çevik və şəffaf mexanizmlərin formalaşdırılması məqsədilə görülən işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə müntəzəm olaraq aparılan müzakirələri təqdirəlayiq hesab edib. Bildirib ki, hər bir məsələ müzakirədə daha aydın müstəviyə çıxa bilir və problemlərə açıq münasibət, yanaşmaların uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə olunması prosesində iştirakının əhəmiyyətindən danışan M.Vəliyeva bu işin daha şəffaf və səmərəli təşkil olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlığın tənzimlənməsi istiqamətində formalaşdırılması nəzərdə tutulan qurum məktəb və uşaqlar üçün daha aydın inkişaf yolu açacaq.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov məktəb-ailə münasibətlərinin təhsilin inkişafına əhəmiyyətli təsirindən söz açıb. Bildirib ki, valideyn komitələri məktəblə ailələr arasında əsas körpüyə çevrilməlidir. Təhsil ocaqlarının fəaliyyətinin tənzimlənməsində məktəb icmalarının mühüm roluna toxunan E.Nəsibov qeyd edib ki, bu, islahatların təbliği, məsuliyyətin bölüşdürülməsi və məktəb-icma əlaqələrinin inkişafı baxımından vacib alətdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məktəblərdə valideyn-məktəb əlaqələrinin tənzimlənməsinə ən çox ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirib ki, şagird-valideyn-müəllim üçbucağının uğurlu fəaliyyəti üçün valideynlərin təhsil prosesinə yönləndirilməsi əhəmiyyətli məsələlərdən biridir. Şura sədri vurğulayıb ki, Təhsil Nazirliyi də məsələnin sivil səviyyədə həllində maraqlıdır.

Şuranın sədr müavini Gülməmməd Məmmədov məktəb-ailə münasibətlərinin tənzimlənməsini nəzərdə tutan qurumun formalaşdırılması yönümündəki araşdırmalarda beynəlxalq təcrübənin öyrənildiyini bildirib.

Təhsil İnstitutunun əməkdaşı Könül Abbaslı məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı aparılmış tədqiqatlar barədə məlumat verib, təkliflər və nəzərdə tutulan hədəflər barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə məktəb-ailə münasibətlərinin tənzimlənməsi məqsədilə təklif olunan modelin formalaşdırılması mövzusunda müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.