CƏMİYYƏT
Məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb

Bakı, 5 iyun, AZƏRTAC
Xəbər verildiyi kimi, Babək rayon Nehrəm kənd 3 nömrəli tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ibtidai istintaqla qeyd olunan hadisənin muxtar respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon idarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Bahadur Novruzova Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.