ELM VƏ TƏHSİL


Məktəb direktorları ilə onlayn görüş

Bakı, 23 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu söyləyib, qarşıda duran vəzifələr barədə məlumat verib.

BŞTİ-nin müdiri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədinin ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, idarəetmənin qabaqcıl təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun qurulmasından ibarət olduğunu diqqətə çatdırıb. Həmçinin təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsinin məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılı olduğunu bildirərək onları yenilikçi olmağa, daim araşdırmalar aparmağa səsləyib.

Daha sonra məktəb direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti və görülən işlər barədə məlumat verib, müvafiq təkliflər və onları maraqlandıran suallar səsləndiriblər.

Görüşdə IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşdırılması, rəqəmsal bacarıqlar, STEAM layihəsi, texnologiya dərslərinin təşkili, peşə təmayüllü siniflər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BŞTİ-nin sektor müdirləri və Təlimə Dəstək Mərkəzinin direktoru tərəfindən məktəb rəhbərlərinə tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, informasiya mübadiləsi və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.