REGİONLAR


Məktəb direktoru: Bu il təhsil alacaq şagirdlərin sayı artıb

Ağsu, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da “Bilik günü” Ağsu rayonunun ümumtəhsil məktəblərində, o cümlədən ən yaşlı təhsil ocaqlarından olan şəhər 3 nömrəli tam orta məktəbində təntənəli surətdə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərlərinin, valideynlərin qatıldığı mərasimdə çıxış edən məktəbin direktoru Leyla Rüstəmzadə cari dərs ilində tədris ocağında ötən dərs ilindəkindən 30 nəfər çox olmaqla 1036 nəfər şagirdin təhsil alacağını, onların təlim-tərbiyəsi ilə 68 müəllimin məşğul olacağını qeyd edib. Bu il birinci sinifdə 104 şagirdin oxuyacağını vurğulayıb. Direktor yeni dərs ilini tam hazırlıqla qarşıladıqlarını diqqətə çatdıraraq, məktəbin uğurlarından da danışıb. Bildirib ki, ötən dərs ilində 42 nəfər məzunun 36-sı ali məktəblərə sənəd verib. Onlardan 18 nəfəri ali, 8 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub.

Çıxış edən valideynlər, məktəblilər ölkəmizdə təhsildə qazanılan uğurlara və yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimdə çıxış edərək yeni dərs ili münasibətilə şagird və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Vurğulayıb ki, Azərbaycanda həyata keçirilən təhsil islahatları, bu sahəyə göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, son illər rayonda 10-dan çox yeni məktəb binası tikilib.

Mərasim məktəblilərin ifasında mahnı və rəqslərlə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.