REGİONLAR


Məktəb idarəçiliyi və sənədləşmə işləri ilə bağlı seminarlar davam etdirilir

Naxçıvan, 20 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında və düzgün işlənilməsi, eləcə də şəhər və rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fevralın 20-də Naxçıvan Dövlət Texniki Kollecində “Məktəb idarəçiliyi və sənədləşmə işləri” ilə bağlı növbəti seminar keçirilib. Təhsil şöbəsinin əməkdaşlarının, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və təşkilatçıların iştirakı ilə keçirilən seminarda Təhsil Nazirliyinin əməkdaşları “Məktəb sənədlərinin aparılması və saxlanması”, “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili” və “Dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər və qanunvericiliyin pozulmasına görə məsuliyyət” mövzularında çıxışlar edib, geniş məlumat veriblər.

Məktəbin idarə olunmasında istifadə olunan hüquqi-normativ sənədlərin və kargüzarlığa dair kitabların düzgün və dəqiq işlənilməsi üsullarını slaydlar vasitəsilə iştirakçılara təqdim edilib. Seminarda kadr sənədlərinin, şagirdin şəxsi işinin, sinif və dərsdənkənar məşğələ jurnalının, ümumi və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi, pedaqoji işçilərin şəxsi heyətinin uçotu, məktəbin pedaqoji şurasının protokolu, buraxılan və əvəzedilən dərslərin uçotu, inventarizasiya və əmr kitablarının işlənilməsi qaydaları nümunələrlə izah olunub.

Bildirilib ki, təhsil müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi, məktəb rəhbərlərinin, eləcə də Təhsil şöbəsinin əməkdaşlarının bu sahədə yüksək səriştəyə malik olması məqsədilə keçirilən seminarda qeyd olunanlar gündəlik fəaliyyətdə tətbiq olunmalı, məktəb rəhbərləri sənədləşmə işlərində təlimatı qaydalara əməl etməlidirlər.

Sonra dövlət qulluğu ilə bağlı normativ hüquqi sənədlər, dövlət qulluqçusunun şəxsi işinin tərtib edilməsi qaydaları və qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq staj, sınaq müddəti gözlənilmədən, ixtisas dərəcəsi verilmədən dövlət qulluqçusunun vəzifəsinin dəyişdirilməsi yolverilməzdir. Kadr anketlərdə bütün məlumatlar tam doldurulmalı, boş hissə saxlanmamalı, arayış və anketlərə vurulan şəkillər qanunauyğun ölçüdə və formada olmalıdır. Həmçinin təşkilatlarda kadrlarla bağlı vəzifə dəyişiklikləri olduğu gün məlumatların qeydiyyatı aparılmalıdır.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb.

Tədbir iştirakçılarına əmr nümunələri, məktəb və kargüzarlıq sənədlərinin işlənilməsi qaydalarına, dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlərə dair elektron nümunələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.