ELM VƏ TƏHSİL


Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-i BP şirkəti məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmaları üçün onların stolüstü kitabı olacaq 368 səhifəlik bir vəsaitin təqdimatını keçirib. Kitab geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları və yanaşmalarının praktiki tətbiqini əhatə edən bir mənbədir.

AZƏRTAC xəbər verir ki, layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.

Kitaba daxil edilmiş geniş əhatəli mövzuların hər biri həmin sahənin mütəxəssisi olan yerli ekspert – ümumilikdə doqquz müəllif, tərəfindən toplanıb və hazırlanıb. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər.

Bu gün BP şirkətinin təşkil etdiyi təqdimat mərasimində çıxış edən şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanda ilk dəfədir ki, məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və bu əhatədə vəsait nəşr olunur. Biz bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin. Sözügedən mövzu məktəblərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi və fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Kitabı hazırlayarkən biz onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin edəcək bütün sahələri və mövzuları əhatə etməsi üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq etmişik”.

Layihənin müddəti yeddi ay, ümumi dəyəri isə təxminən 54 min manat təşkil edib.

Layihə yerli təşkilat “AZEDU” MMC tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.