REGİONLAR


Məktəb psixoloqlarının öz fəaliyyətlərində innovativ forma və üsullara üstünlük vermələri vacibdir

Masallı, 21 fevral, Bağır Əliyev, AZƏRTAC

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Masallı şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərində psixologiya fənnini tədris edən müəllimlər üçün “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bölgələrdə ilk dəfə olaraq Masallıda keçirilən konfransın məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdir.

Tədbirdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məktəbdə psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının aktuallığından danışıb.

Konfransda Respublika Təhsil İnstitutunun psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov təqdimatlarla çıxış edib.

Təqdimatın birinci hissəsində təhsil qanununa məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı edilmiş düzəlişlər, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin yaradılması, onun təsis etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun strukturu və fəaliyyət istiqamətləri, ümumi təhsil haqqında qanun və orada psixoloji xidmətə verilən önəm barədə məsələlər öz əksini tapıb.

Birinci təqdimatda, həmçinin Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransının nəticələri barədə iştirakçılara məlumat verilib.

Təqdimatın ikinci hissəsində isə məktəbdə psixoloji xidmətin təşkili, məktəb psixoloqlarının fəaliyyət istiqamətləri və işlərində diqqət yetirilməsi vacib olan məsələlər diqqətə çatdırılıb.

Təqdimatın sonuncu hissəsində uşaqlarda tez-tez müşahidə edilən davranış pozuntuları, onların təzahür formaları, yaranma səbəbləri və aradan qaldırılma yolları barədə təklif və tövsiyələr verilib.

Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov çıxışında qeyd edib ki, bugünkü təqdimatda məktəbdə təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı vacib problemlər ətrafında müzakirələr aparılır. Ümumtəhsil məktəblərində keyfiyyətin təminatı həm də məktəbdə psixoloji xidmətin düzgün təşkilindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan məktəb psixoloqlarının öz fəaliyyətlərində innovativ forma və üsullara üstünlük vermələri olduqca vacibdir.

Masallı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov rayonun məktəblərində psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Konfransda psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.