ELM VƏ TƏHSİL


“Məktəb seminarları” başa çatıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2017-2018-ci tədris ili üzrə təşkil olunan “Məktəb seminarları” başa çatıb.

“Məktəb seminarları”nın sonuncu sessiyaları Suraxanı rayonunun ümumi təhsil məktəblərində keçirilib.

Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, direktorların təlim-tərbiyə və təşkilati işlər üzrə müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.

“Məktəb seminarları” layihəsinin üçüncü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiqlənmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdir.

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən M.Vəliyeva “Məktəb seminarları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin davam etdirilməsinin vacibliyini vurğulayıb. BŞTİ-nin müdiri çıxışında, həmçinin məktəblərin Fəaliyyət Planı, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili və digər müvafiq məsələlərə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev təhsil müəssisələrinin idarəetməsi, rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, məktəbdənkənar tədbirlərin təşkili və digər müvafiq mövzularda çıxış ediblər.

Bundan başqa, direktorların təlim-tərbiyə işləri üzrə müavinləri üçün keçirilən sessiyada əsas mövzu məktəbdə metodik işin səmərəli təşkili olub. Müəllimlər üçün keçirilən sessiyada fənn müəllimlərinin fəaliyyətinə, tədrislə bağlı məsələlərə xüsusi diqqət yetirilib.

Digər qruplar üzrə keçirilən sessiyalarda keyfiyyətli təhsilvermənin təmin edilməsi, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi və digər müvafiq məsələlər müzakirə olunub.

Sessiyalarda qeyd edilən məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, oktyabrın 9-dan başlanan sessiyalar paytaxtın bütün rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. Ümumilikdə, seminarlara 6.000-dək iştirakçı qatılıb.

Növbəti “Məktəb seminarları”nın 2017-2018-ci dərs ilinin sonunda keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.