CƏMİYYƏT
Məktəb yaşlı uşaqların nəqliyyat vasitələri tərəfindən vurulması halı azalıb VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 244 nömrəli orta məktəbdə şagirdlər, məktəb kollektivi və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən şöbənin əməkdaşları bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol-nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır. Son illər paytaxtın və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsində artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
Çıxış edənlər diqqətə çatdırıblar ki, uşaqlar arasında piyada keçidlərindən istifadənin vacibliyi və yol hərəkəti qaydalarına düzgün riayət olunması geniş təbliğ edilməlidir.
Tədbirdə məktəblilər tərəfindən yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş olunub. Fəal şagirdlərə yol polisləri tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu, Binəqədi rayonu ərazisində yol polisləri tərəfindən keçirilən 33-cü maarifləndirici tədbirdir. Dərs ilinin sonuna qədər digər məktəblərdə də analoji tədbirlərin keçirilməsi planlaşdırılır.