REGİONLAR


Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı seminarlar keçirilir

Naxçıvan, 18 yanvar, AZƏRTAC

Ümumtəhsil məktəblərində təhsil alanların attestasiyasının aparılması ilə bağlı yeni qaydaların tətbiqi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə seminarlara start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində keçirilən ilk seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişikliklər barədə slaydlar vasitəsilə ətraflı məlumat verib.

Qeyd edilib ki, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmələrin sayının azaldılmasıdır. Böyük summativ qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlər, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsil alanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki böyük summativ qiymətləndirmələrin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.

Qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız kiçik summativ qiymətləndirmə olacaq.

Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək.

Böyük summativ qiymətləndirmə üçün ibtidai siniflərdə 1 dərs saatı, yuxarı siniflər üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 kiçik summativ qiymətləndirmə keçirilə bilər.

Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır.

Şöbə müdiri dəyişikliklərin əhəmiyyətini qeyd edərək bildirib ki, həmin yeniliklərin tətbiqindən sonra ümumtəhsil məktəbində I siniflərdə, təxminən, 72 qiymətləndirmə azalacaq. Əvvəlki qaydalarla müqayisədə ibtidai təhsil səviyyəsi üzrə, ümumilikdə, summativ qiymətləndirmələrin sayı 280-dən 180-ə qədər azalacaq, ümumi orta təhsil səviyyəsi üzrə V-IX siniflərdə hər il orta hesabla 25 böyük summativ qiymətləndirmə aparılmayacaq. Yəni əvvəlki illərdən fərqli olaraq hər sinifdə 25 imtahanın azalması nəticəsində, ümumilikdə, 125 böyük summativ qiymətləndirmə keçirilməyəcək. Bu isə məktəbin fəaliyyətinin qiymətləndirilməsinin vahid şkala üzərindən aparılmasını təmin edir, şagirdlərin imtahan yükünü azaldır və onların psixoloji durumunun yaxşılaşmasına, stresdən uzaqlaşmasına müsbət təsir göstərir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Ümumtəhsil məktəblərinin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə metodiki vəsaitlər paylanılıb.

Qeyd edək ki, oxşar tədbirlər muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.