ELM VƏ TƏHSİL
“Məktəbdə liderliyin inkişafı” mövzusunda təlim davam edir
Bakı, 16 iyul, AZƏRTAC
“Direktorlar klubu” çərçivəsində məktəb direktorları üçün təşkil olunan “Məktəbdə liderliyin inkişafı” mövzusunda təlim davam edir.
“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasından AZƏRTAC-a bildirilib ki, təlim 12 saat olmaqla strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.
Təlimdə müxtəlif bölgələrdən 60 məktəb direktoru iştirak edir. İyulun 18-dək davam edəcək təlim “T-Network” təcrübə və kommunikasiya platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov tərəfindən keçirilir. Növbəti həftələrdə yeni qrupların formalaşdırılması planlaşdırılır.
Xatırladaq ki, “Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb. Klubun əsas məqsədi məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, bacarıqlarını təkmilləşdirmək, təhsilin idarə olunmasında keyfiyyətin inkişafına töhfə verməkdir.