ELM VƏ TƏHSİL


Məktəbdə tədbir: “Gəlin mütaliə edək”

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Bakıdakı 230 nömrəli tam orta məktəbdə “Oxu günü”nə həsr olunan “Gəlin mütaliə edək” mövzusunda tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətini artırmaq, yeniyetmə və gənclərin oxu vərdişlərini daha da inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Əvvəlcə qonaqlar şagirdlərin nağıl süjetləri əsasında əl işlərindən ibarət sərgi ilə tanış olublar. Məktəblilərin təqdim etdikləri səhnəciklər və ədəbi-bədii nümunələr maraqla qarşılanıb.

Tədbiri açan məktəbin direktoru Təhmasib Məmiyev təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, şagirdlərin qazandığı uğurlardan danışıb. O, şagirdlərin mütaliəyə marağının artırılması istiqamətində görülmüş işlərdən söz açıb, məktəbin tədris nailiyyətlərindən bəhs edib. Təhmasib Məmiyev iki şagirdin məktəblilərin respublika fənn olimpiadalarının final mərhələsinə yüksəldiyini, məktəbin yetirmələrinin robotexnika müsabiqəsində uğurla iştirak etdiyini bildirib. Həmçinin məktəblilərin idman sahəsində qazandığı nailiyyətlərin artdığını diqqətə çatdırıb.

Direktor şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün tədris ocağında əlverişli şəraitin yaradılmasının əsas amillərdən biri olduğunu söyləyib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumtəhsil müəssisələrində şagirdlərin mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən işlərdən danışıb. O, şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib, müvafiq istiqamətdə məktəblərdə görülən işləri yüksək qiymətləndirib.

Daha sonra şagirdlər ədəbi-bədii kompozisiyalar, Azərbaycan yazıçılarının dram əsərlərindən nümunələr təqdim edib, şeirlər söyləyiblər. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.