ELM VƏ TƏHSİL


Məktəbdə tədbir: Səndə vardır başqa lətafət, Şuşa!

Bakı, 27 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli tam orta məktəbdə “Səndə vardır başqa lətafət, Şuşa!” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Qarabağa, Şuşaya və Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva Qarabağın tacı olan Şuşaya həsr edilmiş tədbiri təqdirəlayiq bir təşəbbüs kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur.

Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc Rəsulova Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini, Şuşa şəhərinin azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Xədicə Məmmədova şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə tədbirlərin əhəmiyyətinin danılmaz olduğunu vurğulayıb.

Digər çıxış edənlər Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və Azərbaycan Ordusunun qətiyyəti ilə qazanılmış tarixi Zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olduğunu vurğulayıblar.

Daha sonra məktəblilərin ifasında milli musiqi nümunələri, şeirlər, ədəbi-bədii kompozisiyalar təqdim olunub, həmçinin şuşalıların arzu və istəklərinin əks olunduğu videoçarx nümayiş edilib.

Tədbirdə qazi müəllimlər, şəhid övladları və şagirdlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.