ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qrupları ilə bağlı apellyasiya komissiyaları fəaliyyət göstərəcək
Bakı, 31 iyul, AZƏRTAC
Məktəbəhazırlıq qruplarına uşaqların elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə məktəblərdə ərizə qəbulu üzrə alternativ qeydiyyat mərkəzləri və Bakının bütün rayonlarını əhatə edən apellyasiya komissiyaları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə, digər hallarla bağlı apellyasiya komissiyalarına, eləcə də [email protected] elektron poçtuna müraciət etmək olar.
AZƏRTAC xəbər verir ki, bunları avqustun 31-də paytaxtın ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib. O deyib: “Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə əvvəlcədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Həftədə dörd gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Gün ərzində təşkil olunacaq üç məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə on dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur, qiymət yazılmır. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilirlər”.
Nəzərə çatdırılıb ki, BŞTİ-nin apardığı araşdırmalara görə, şəhərin mərkəzi hissəsində məktəbəhazırlığa cəlb olunma səviyyəsi Bakıətrafı qəsəbələrlə müqayisədə daha yüksəkdir. 2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.