ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda aşağıda qeyd olunan istiqamətlərdə müraciət etmək olar:
- Sual (məlumat) xarakterli müraciətləri Elm və Təhsil Nazirliyinin rəsmi vatsap (994512067848) xidmətinə yazmaqla və ya Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı (146-1); ümumi qeydiyyat məsələləri ilə bağlı Çağrı Mərkəzinə (146-6) zəng etməklə;
- Elektron (yazılı) müraciətləri (təklif, ərizə, şikayət) PORTAL.EDU.AZ platformasında qeydiyyatdan keçərək “Vətəndaş müraciətləri” bölməsindən “Şəxsi kabinet” vasitəsilə Elm və Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməklə;
- Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla;
- Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə (siyahı təqdim olunacaq);
- 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə;
- 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə;
- Proqramın əlaqə bölməsinə.
Xatırladaq ki, məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.