ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarında distant dərslər nəzərdə tutulmur
Bakı, 1 oktyabr, AZƏRTAC
2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşağın cəlb edilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarında məşğələlərin dərs cədvəli nümunələri (bütöv qrup və yarımqruplar üçün) nazirliyin rəsmi saytında yerləşdirilib. Regiondan asılı olmayaraq, əgər qrupda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək. Bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. “Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrlə keçirilir.
Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir. Bu zaman “Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri “Ətraf aləmlə tanışlıq”, digəri isə “Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir. Heç bir halda müəllimin izafi dərs yükü yaranmır.
Məktəbəhazırlıq qrupunda distant dərslər nəzərdə tutulmur.