CƏMİYYƏT
Məktəbəqədər təhsil müəssisələrində küçə hərəkəti qaydaları ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 1 avqust, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi azyaşlılarda küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhərdəki 28 nömrəli uşaq bağçasında keçirilən tədbirdə azyaşlılarla yanaşı, onların valideynləri və tərbiyəçilər də iştirak ediblər.
Görüşdə bölmənin əməkdaşı Tural Niftalıyev belə maarifləndirici tədbirlərin keçirilməsinin əsas məqsədinin azyaşlılar arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq olduğunu bildirib. O, əyani vəsaitlərlə avtomobil, küçə, səki, işıqfor və digər anlayışlar barədə balacalara ətraflı məlumat verib. Həmçinin valideynlərə uşaqları bağçaya gətirib apararkən əməl etməli olduqları yol hərəkəti qaydaları izah edilib.
Bağçanın rəhbərliyi və valideynlər belə maarifləndirici tədbirlərin təşkilinə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Sonda uşaqlar yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.