REGİONLAR


Məktəbi döyüş meydanına dəyişən gənc müəllim Vüqar Vəliyevin şəhadətindən bir il ötür

Ağdam, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Vətən müharibəsində məktəbi döyüş meydanına dəyişən gənc müəllim Vəliyev Vüqar Emin oğlunun şəhadətindən bir il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvləri, dostları, təhsil aldığı Rzalar kənd tam orta məktəbin, işlədiyi Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin kollektivləri və ictimaiyyət nümayəndələri onun məzarını ziyarət edərək, önünə əklil və tər çiçəklər düzüblər. Şəhidin xatirəsi yad edilib, ruhuna dualar oxunub. Məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Mərasimdə Vüqar Vəliyevin həyat və döyüş yolundan, göstərdiyi şücaətdən, Vətən sevgisindən bəhs edilib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidentinin sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.