CƏMİYYƏT
“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi “Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi tərəfindən iştirakçılara biznesin təşkili, vergi hesabatlılığı, zamanın idarə edilməsi, ünsiyyət bacarıqları kimi mövzular tədris edilib.
Təlimləri uğurlu şəkildə yekunlaşdırmış iştirakçılar məsləhət xidmətlərindən də faydalanaraq biznes plan tərtib edib və növbəti mərhələyə keçib. Həmin mərhələdə iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək. Layihənin növbəti mərhələsində iştirak edən qadın sahibkarlara mütəmadi olaraq təlim və məsləhət xidmətləri göstəriləcək.
Yaxın günlərdə “Məktəbim” layihəsinin növbəti qrupları üçün də yeni təlim və məsləhət xidmətləri təşkil ediləcək.