ELM VƏ TƏHSİL
Məktəblər arasında keçirilən respublika çempionatının zona yarışları davam edir
Bakı, 10 aprel, AZƏRTAC
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq Xaçmaz Olimpiya İdman Kompleksində atletika idman növü üzrə növbəti zona yarışı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq birinci yeri Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin, ikinci yeri Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbin, üçüncü yeri Xaçmaz rayonu Yalama kənd tam orta məktəbin komandası tutub.
Qaliblər diplomlarla təltif olunub.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında birinci və ikinci yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.
Şahmat idman növü üzrə daha bir zona yarışına Göyçay rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində başlanılıb. Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, Ağdaş, Ağsu rayon məktəb komandalarının qatıldığı yarışlara aprelin 16-da yekun vurulacaq.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı sentyabrın 28-də Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.