CƏMİYYƏT
Məktəblərdə “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici təlimlər davam edir
Bakı, 20 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin orta məktəblərdə keçirdiyi “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlimlər davam edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, növbəti təlim mayın 20-də Bakı şəhəri 236 nömrəli tam orta məktəbdə VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Tədbirdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında ətraflı məlumat verilib.
Təlimlər komitənin şöbə müdiri Elgün Səfərov, komitənin əməkdaşları Sevil Rəsulzadə və Elçin Allahverdiyev tərəfindən aparılıb. Təlimçilər qeyd ediblər ki, uşaqların internet təhlükəsizliyinin təmin olunması olduqca önəmli məsələdir. Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir.
Diqqətə çatdırılıb ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun Prezident tərəfindən imzalanıb və 2020-ci ildə qüvvəyə minəcək. Sənəddə uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib.
Təlim zamanı qeyd edilib ki, uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə edilməlidir. Bu sahədə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan “Kidsafe” proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir.
Təlimlərdə məktəblilərlə müzakirələr aparılıb.
Xatırladaq ki, daha əvvəl Bakı şəhəri 57 və 212 nömrəli məktəblərdə müvafiq tədbirlər keçirilib.