ELM VƏ TƏHSİL
Məktəblərdə astronomiya günləri
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-dən etibarən Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi çərçivəsində “Məktəblərdə astronomiya günləri” qlobal layihəsinə başlanılıb.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) AZƏRTAC-a bildiriblər ki, layihəyə əsasən, Şamaxı və Bakı şəhər ümumtəhsil məktəblərində rəsədxananın alim və mütəxəssisləri tərəfindən şagirdlər üçün astroseminarlar təşkil ediləcək.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ŞAR, Şamaxı Rayon Təhsil Şöbəsi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçiriləcək təşəbbüsün əsas məqsədi məktəbliləri ən qədim elm sahələrindən biri olan astronomiya haqqında məlumatlandırmaq, bu elmin əhəmiyyətini onlara aşılamaqdır.
“Astronomiya günləri” çərçivəsində məktəblərdə təşkil olunan seminarların sonunda fərqlənən şagirdlərə sertifikatlar təqdim olunacaq.