ELM VƏ TƏHSİL


Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir

Bakı, 25 yanvar, AZƏRTAC

Ümumi təhsil məktəbləri tərəfindən 2020-2021-ci tədris ilinin I yarımili üzrə summativ qiymətləndirmə keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

Qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.

Qeyd edək ki, üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün 1 ay ərzində yenidən qiymətləndirmə təşkil olunacaq. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən qiymətləndirmədə iştirak edə bilməyən şagirdin müvafiq tələblər gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılacaq. Şagirdin əyani formada qiymətləndirmədə iştirakı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınmaqla təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.