ELM VƏ TƏHSİL
Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsi mövzusunda onlayn tədbirlər keçirilir
Bakı, 8 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzusunda onlayn tədbirlər keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirlər “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir.
Tədbirlərin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini artırmaq, şagirdlərin fiziki fəallığını, hərbi xidmətə hazırlıq səviyyəsini yüksəltməkdən ibarətdir.
Onlayn tədbirlərdə şagirdlərə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəyə imza atması və işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi barədə məlumatlar verilir. Həmçinin Vətən müharibəsindəki böyük Zəfərin qazanılmasında Azərbaycanın istifadə etdiyi taktiki üsulların dünya hərb elmi üçün yenilik olduğu vurğulanır.
Bundan əlavə, məktəblilər layiqli vətəndaş və yüksək hazırlıqlı əsgər olacaqlarına əminliklərini ifadə edirlər.
Tədbirlərdə Vətən müharibəsindəki parlaq Qələbədən, həmçinin Zəfər paradında nümayiş olunmuş hərbi texnika və ələ keçirilən hərbi qənimətlərdən bəhs edən videoçarxlar da göstərilir.