ELM VƏ TƏHSİL
Məktəblərdə yeniyetməlik dövrünün çətinliklərinə dair müzakirələr aparılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil müəssisələrində "Yeniyetməlik dövründə şagirdlərin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları problemlər və onların həlli yolları" mövzusunda maarifləndirici seminarlar keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarlarda müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.
Seminarlarda şagirdlərə hədəfi düzgün təyin etmək, məqsədə çatmaq, özünə inamı artırmaq, həyəcanı aradan qaldırmaq, özünənəzarəti və özünütərbiyəni gücləndirmək kimi məsələlərdən bəhs olunub. Yeniyetməlik dövrünün çətinliklərinə dair seminar iştirakçıları ilə fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.
Şagirdlərin öz məqsədlərinə çatmaları üçün nə qədər iddialı olduqlarını yoxlamaq, o cümlədən sinifdə birliyin səviyyəsini ölçmək məqsədilə məktəblilər arasında müxtəlif oyunlar da keçirilib.
Bundan əlavə, uşaqların erkən psixi inkişaf dövründə aldıqları psixoloji travmaların onların növbəti yaş böhranlarında müxtəlif pozuntulara səbəb olması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin görüşlərdə valideynləri və şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.
Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.