ELM VƏ TƏHSİL
Məktəblərə yeni təyin olunan direktorlar fəaliyyətləri ilə bağlı təlimatlandırılıblar
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) ümumi təhsil məktəblərinə yeni təyin olunan direktorlarla görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun müdiri Məhəbbət Vəliyeva müsabiqə nəticəsində seçilən məktəb direktorlarını təbrik edib, onlara bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin son illər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə aparılan islahatlardan danışıb. Respublikamızda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu deyən M.Vəliyeva direktorların qarşılarında duran vəzifələr barədə məlumat verib.
Daha sonra BŞTİ-nin sektor müdirləri tərəfindən yeni təyin olunan məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, məktəbdənkənar fəaliyyətin təşkili və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.