ELM VƏ TƏHSİL


Məktəblərin pedaqoji heyəti üçün metodiki seminarlar davam edir

Bakı, 7 oktyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunan metodiki seminarlar davam edir. Növbəti seminarlar Bakının Nərimanov və Nizami rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və müvafiq struktur bölmə rəhbərləri metodiki seminarların gedişini müşahidə ediblər.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, idarə müdiri Mehriban Vəliyeva valideyn-məktəb əməkdaşlığı, şagirdlərin psixoloji dayanıqlılığının artırılması, məktəbdaxili intizam qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması kimi məsələlərə toxunub. M.Vəliyeva müvafiq məsələlər barədə tapşırıq və tövsiyələrini verib, metodiki seminarların praktik əhəmiyyəti haqqında fikirlərini bildirib.

Sessiyalarda BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Seminarlarda ümumi təhsil müəssisələrinin keyfiyyət göstəriciləri, təmayülləşmə, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının idarə olunmasında qarşıya çıxan problemlərin həlli və digər müvafiq mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, metodiki seminarlar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək. Seminarların keçirilməsinin əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.