MƏDƏNİYYƏT
Məktəbli pianoçunun uğuru
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi Georgi Şaroyev adına 35 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Cəlalə İsmayılzadə üçün 2020-ci il, xüsusilə də ilin son ayları çox uğurlu olub.
AZƏRTAC xəbər verir ki, Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsi olan Cəlalə bir neçə beynəlxalq müsabiqədə iştirak edərək Qran-Pri qazanıb, laureat adına layiq görülüb.
Balaca pianoçu alman bəstəkarı L.Bethovenin 250 illik yubileyinə həsr olunmuş “Harmoniya” beynəlxalq müsabiqəsində (Gürcüstan) və “Salsburq Stars” III beynəlxalq müsabiqəsində (Çexiya-Avstriya) I yeri əldə edib. Qazaxıstanda təşkil olunan “Tessa” beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı da 9 yaşlı Cəlaləyə qismət olub.
O, həmçinin Moskva Konservatoriyasının professoru Aleksey Rudnevskinin təşkilatçılığı ilə Türkiyənin Alaniya şəhərində keçirilən XVII Beynəlxalq “VİVA- MUSİC” Klassik Musiqi Festivalında da iştirak edərək II yerə layiq görülüb. Bu yaxınlarda isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının 40 illiyinə həsr olunmuş “Akademik, xalq və caz musiqisi ifaçılarının I beynəlxalq onlayn müsabiqəsi”ndə II yeri qazanıb.