ELM VƏ TƏHSİL
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur
Bakı, 28 fevral, AZƏRTAC
Paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bu qurumun tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib və şəkli qurumun əsas səhifəsində yerləşdirilib.
Qeyd edək ki, bu, A.Süleymanlının ilk qələbəsi deyil. Məktəbli daha əvvəl beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə isə “Beynəlxalq usta” adına layiq görülüb.