ELM VƏ TƏHSİL
“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” layihəsi həyata keçirilir
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə səkkizinci qrant müsabiqəsinin nəticələrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” layihəsi həyata keçirilir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında böyük şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi irsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, bədii təfəkkürlərinin zənginləşdirilməsidir.
Dahi şairin əsərləri məktəblilərin milli mənəvi ruhda tərbiyəsində, azərbaycançılıq məfkurəsinin təbliğində ədəbi-fəlsəfi mənbə kimi xüsusi aktuallıq daşıyır.
Layihə üzrə böyük ədib Hüseyn Cavidin aforizmlərinin toplanılması, sistemləşdirilməsi, ingilis dilinə tərcüməsi, çap etdirilməsi, məktəblərdə kitabın təqdimatının təşkili və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur.