CƏMİYYƏT
Məktəblilər Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər VİDEO
Bakı, 9 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Nizami rayonundakı 220 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdləri Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşları məktəblilərə burada saxlanılan eksponatlar haqqında məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. Muzey bu illər ərzində böyük inkişaf yolu keçib. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir.
Muzeydə qədim, erkən, orta əsrlər dövrü, ibtidai icma quruluşunun bütün mərhələlərini əhatə edən, Manna-Midiya, Atropatena, Albaniya dövlətləri haqqında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə geniş məlumat verilir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur. Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri və s. nümayiş etdirilir.
Məktəblilərin diqqətini ən çox cəlb edən eksponatlar arasında Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli olub.
General Cəmşid Naxçıvanskinin muzeydəki şəxsi işi də diqqəti cəlb edir.
Məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, xəritə çantası, müharibə dövründə idarə etdiyi 17 nömrəli tankın maketi, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü və ona məxsus əşyalarla, 1991-ci ildə yaradılmış Müdafiə Nazirliyi haqqında eksponatlarla tanış olublar.
Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan kütləvi deportasiyası, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı zalda ayrıca stenddə məlumat verilir.
Heydər Əliyev və ordu quruculuğu zalı da maraqlı məlumatlarla zəngindir. Bu zalda 533 eksponat mühafizə olunur. Buradakı stendlərin hər biri ayrıca mövzudur. Zalda dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur.
Muzeydə Azərbaycanın Milli Qəhrəmanı olan 211 şəxsə aid ayrıca stend də var. Bu stendlər 1991-1993-cü, 1993-2003-cü və 2003-2010-cu illəri əhatə edir. Buraya gələnlər zalda milli qəhrəmanların fotostendinə, quru qoşunlarına aid hərbi geyimlərə, milli ordumuzun əsgərlərinə məxsus əşyalara, cəbhə bölgəsində istifadə olunan hərbi sursata böyük maraq göstərirlər.
Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnika da ziyarətçilərin ən çox maraqlandığı ekspozisiyadır.
İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankın, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın dublikatı, Quru qoşunları, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus texnikalar da məktəblilərdə böyük maraq oyadıb.
Sinif rəhbəri Gülnarə Quliyeva bildirib ki, belə tədbirlərin və ekskursiyaların təşkili məktəblilərin yüksək milli-mənəvi dəyərlərlə böyüməsində, dövlət rəmzlərimizə sevgi və ehtiramın aşılanmasında, həmçinin şagirdlərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.