ELM VƏ TƏHSİL
Məktəblilər “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər
Bakı, 8 may, AZƏRTAC
Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” mövzusunda keçirilən tədbirdə Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Bu barədə AZƏRTAC-a gimnaziyadan məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar foyedə rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin irsi, çoxşaxəli həyat və fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiyada şagirdlər Ulu Öndərin və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın kərpic-kərpic qurularaq müasir və güclü dövlətə çevrilməsini mahnı, şeir və rəqslərlə vahid süjet şəklində təqdim ediblər.
Sonda gimnaziyanın direktoru Tural Mirzəliyev çıxış edərək tədbirin iştirakçılarına minnətdarlığını bildirib.