REGİONLAR
Məktəblilər IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyasında 400-dən çox ağac əkiblər VİDEO
Xaçmaz, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 14-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində səkkiz rayon və bir şəhərin məktəblilərindən ibarət 400-ə yaxın şagirdin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, şimal bölgəsinə ekskursiyada Bərdə, Ağdam, Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Cəbrayıl, Qubadlı rayonlarını və Naftalan şəhərini təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib.
Səhər saatlarında şagirdlər onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə Quba şəhərində “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyasına qoşulublar. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyasında məktəblilər 400-dən çox ağac əkiblər.
Ağacəkmə aksiyasından sonra tur-aksiya iştirakçıları Xaçmaz rayonuna yola düşüblər.
Şagirdləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar.
Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz geniş turizm imkanlarına malikdir. Həmçinin parklar və muzeylər şəhəri adlandırılan Xaçmaz ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Məktəblilər şəhərdəki Heydər Əliyev Mərkəzində də olublar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı Prezident İlham Əliyevin Xaçmaza səfəri çərçivəsində həyata keçirilib. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar, əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər nümayiş etdirilir.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Yeni müqavilə həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.
Meydan və Çənlibel parkında gəzintidən sonra şagirdlər ekskursiyalarını başa vuraraq, öz rayonlarına yola düşüblər.