ELM VƏ TƏHSİL
Məktəblilər UNEC-in təhsil imkanları barədə məlumatlandırılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Yuxarı sinif şagirdlərinə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə universitetin nümayəndə heyətinin orta məktəblərdə görüşləri davam edir. Universitetin müəllimləri Bakıdakı 1, 46, 164, 211 və 240 nömrəli orta məktəblərdə olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşlərdə bu ali məktəbin təhsil imkanlarından danışılıb. UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulunun həyata keçirildiyi bildirilib, ixtisasların qazandırdığı üstünlüklər, daxili və xarici əmək bazarında tələbatı barədə məktəblilərə məlumat verilib. Məktəblilər universiteti daha yaxından tanımaq üçün “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar. Şagirdlərin sualları cavablandırılıb.
Məktəblərdə UNEC haqqında videoçarx nümayiş etdirilib.