REGİONLAR
Məktəblilər UTECA-ya ekskursiya ediblər
Gəncə, 20 iyun, Elcan Məmmədov, AZƏRTAC
Göygöl Təhsil Mərkəzinin şagirdlərinin Azərbaycan Texnologiya Universitetinə (UTECA) ekskursiyası təşkil edilib. Əvvəlcə mərkəzin Göygöl və Balçılı filiallarının 70-dən çox şagirdi, günün ikinci yarısında isə Gəncə və Şəmkir filiallarının 70 nəfərlik heyəti UTECA ilə tanış olub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şagirdlərə UTECA-nın şəhid tələbələrinin abidəsi önündə universitetin tarixi, şəhid məzunları, eləcə də fəxri məzunları haqda ətraflı məlumat verilib. Sonra şagirdlər fakültələrdə fəaliyyət göstərən laboratoriya, mərkəz və auditoriyalarla tanış olublar.
Qida mühəndisliyi fakültəsində Qida məhsullarının istehsal texnologiyası, Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarət texnologiya laboratoriyaları, Yüngül sənaye və logistika fakültəsində Təsviri incəsənət, Rəngkarlıq, Rəsm auditoriyaları, eləcə də Logistika Mərkəzi (Port of Baku), Avtomatika, telekommunikasiya, informatika fakültəsində USAID, ATİ laboratoriyaları, İqtisadiyyat və idarəetmə fakültəsində şəhid məzunların adını daşıyan auditoriyalar ilə yaxından tanış olan şagirdlərə UTECA-dakı ixtisaslar, ixtisasların aktuallığı və ölkə üçün əhəmiyyəti, son illərdə müsabiqə və keçid balları barədə geniş məlumat verilib.
Koreya Mərkəzi, İmtahanların həyata keçirildiyi kompüter zalları, tələbə startapları, eləcə də “TEKNOFEST Azərbaycan” festivalının Robotexnika müsabiqəsində finala qədər yüksələn Rosol (Robot solider) – minaaxtaran və zərərsizləşdirən robot əsgər layihəsi, idman zalı – tennis, şahmat, trenajor otaqları şagirdlərin marağına səbəb olub.
Sonda məktəblilərlə akt zalında görüş keçirilib. Görüşdə Elmi katib dosent Mətanət Əhmədova, UTECA Tələbə Gənclər Təşkilatı nümayəndələri, eləcə də aktiv tələbələr şagirdlərlə həmsöhbət olublar. M.Əhmədova dövlətin təhsilin inkişafına qayğısından, UTECA-da tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən, universitet-sənaye əlaqələrindən danışıb. Tələbələr tədris prosesi, imtahan sessiyaları, müasir müəssisələrdə təcrübə imkanları, startap komandalarında fəaliyyətləri barədə məlumat verərək, şagirdlər tərəfindən ünvanlanan sualları cavablandırıblar.
Görüş zamanı şagirdlər onları maraqlandıran istiqamətlər və ixtisaslara dair sorğuda iştirak edərək blank doldurublar.