ELM VƏ TƏHSİL


Məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılıb

Bakı, 7 fevral, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxtdakı ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, təhsil nazirinin əmrinə əsasən keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin Bakı şəhəri üzrə 4 mərhələdə keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məktəbdaxili mərhələsi fevralın 7-dən 28-dək olan dövrü əhatə edəcək. Məktəbdaxili mərhələni uğurla keçən şagirdlər martın 1-13-də keçiriləcək rayon mərhələsinə qatılacaqlar. Paytaxtda rayon mərhələsinin qalibləri martın 14-19-da təşkil olunacaq şəhər mərhələsinə keçmək hüququ qazanacaqlar.

Bakı şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimatçı aprel ayında keçiriləcək ölkə mərhələsində iştirak hüququ əldə edəcək.

Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, Ulu Öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.

Müsabiqə zamanı hər bir iştirakçının çıxışı maksimum 10 balla qiymətləndiriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində müsabiqənin təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.