CƏMİYYƏT
Məktəblilər arasında “İqlim dəyişmələri və meşələr” mövzusunda rəsm və foto müsabiqəsi keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Təhsil Nazirliyi ilə birlikdə Ağsu və Yevlax rayonlarının orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “İqlim dəyişmələri və meşələr” mövzusunda rəsm və foto müsabiqəsi keçirmişdir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, müsabiqə meşələrin qlobal əhəmiyyəti, unikal canlılar aləmi, ekoloji problemlər, iqlim dəyişmələrinin meşələrə təsiri barədə məktəblilərdə ekoloji biliklərin artırılması, onların meşələrin qorunmasında fəal iştiraka həvəsləndirilməsi məqsədi ilə təşkil edilmişdir.
Ümumilikdə müsabiqəyə 50 foto və rəsm işi təqdim edilmişdir. Fotolar və rəsm işlərində məktəblilər meşələrin əsas ekoloji problemlərini və qorunmasının əhəmiyyətini, iqlim dəyişmələrini və digər neqativ amillərin meşələrə təsirini əks etdirmişlər. Müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Müsabiqə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihəsinin əsas məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq, biomüxtəlifliyi zənginləşdirməkdir.