ELM VƏ TƏHSİL
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə başlanılıb
Bakı, 19 fevral, AZƏRTAC
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsinə başlanılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə biri Dünya Poçt İttifaqı (DPİ) tərəfindən olmaqla üç mövzu təqdim edilib.
Müsabiqə “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu” və “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə keçiriləcək.
Müsabiqə üzrə inşa yazıları aprelin 1-dək təqdim edilməlidir. Müsabiqədə birinci yer üzrə üç nəfər olmaqla hər biri 150 manat (hər bir mövzu üzrə bir nəfər), ikinci yer üzrə altı nəfər olmaqla hər biri 100 manat (hər bir mövzu üzrə iki nəfər) və üçüncü yer üzrə doqquz nəfər olmaqla hər biri 50 manat (hər bir mövzu üzrə üç nəfər) məbləğində pul mükafatı müəyyənləşdirilib.
DPİ-nin təklif etdiyi birinci mövzu üzrə qalib elan edilən inşa yazısı isə Azərbaycan Respublikası adından Dünya Poçt İttifaqının mərkəzi ofisinə - İsveçrənin Bern şəhərinə göndəriləcək.
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi min sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, DPİ-nin üzvü olan hər bir ölkədən yazılar mayın 5–dən gec olmayaraq təşkilatın beynəlxalq bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar UNESCO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda üç əsas qalib və beş laureat seçiləcək.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Qızıl medalın sahibi olan məktəbli beynəlxalq büronun mükafatını almaq üçün İsveçrənin Bern şəhərinə dəvət ediləcək.
Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunacaq.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagird inşa yazısını iştirakçı vərəqi ilə birlikdə rayon poçt filialları üzrə yerli poçt filiallarına, şəhər poçt filialları üzrə Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 36, “Azərpoçt” MMC (İndeks: AZ1000) ünvanına göndərməlidir.
Mükafatlandırma mərasimi hər il oktyabrın 9-da Dünya Poçt Günündə keçirilir.
Dünya Poçt İttifaqı bu təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə 47 ildir ki, müvafiq müsabiqəni təşkil edir.