REGİONLAR
Məktəblilər arasında ilk dəfə keçirilən memarlıq-dizayn müsabiqəsi başa çatıb
Naxçıvan, 19 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında keçirilən memarlıq-dizayn müsabiqəsi başa çatıb.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən nazirliyin sektor müdiri Murad Babayev məktəbdənkənar müəssisələrin fəaliyyətindən bəhs edib. Bildirilib ki, dövlətimizin qayğısı nəticəsində 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni innovativ dərnəklər yaradılıb. İnnovativ dərnəklərin yaradılması muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət imkanlarının genişləndirilməsi işində həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biridir. Təşkil edilən müsabiqədə yeni yaradılan Memarlıq-dizayn dərnəyində təhsil alan şagirdlər iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər kompüterdə 3 saat müddətində ArchiCAD-üç ölçülü dizayn proqramında memarlıq layihələrinin modellərini hazırlayıblar.
Müsabiqə zamanı şagirdlər hazırladıqları memarlıq layihənin plan ölçüləri, perspektiv görünüşləri, fasad və interyer həllini kompüterdə uyğun miqyasda yerləşdiriblər. Yekunda hər şagird hazırladığı layihəni münsiflər heyətinə təqdim edib.
Müsabiqə iştirakçıları münsiflər heyəti tərəfindən innovasiya və kreativlik, uyğunluq və funksionallıq, proqram tələblərinin yerinə yetirilməsi və məlumatın təqdimatı kimi parametrlərə əsasən seçiliblər. Müvafiq olaraq Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarov I yerə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzləri Aysel İbrahimli və Bayram Tahirov II yerə, Ordubad Rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Fərid Kazımov, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Uğur Novruzov və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Lətif Bayramzadə isə III yerə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd mühəndislik bacarığına və kreativ düşüncəyə malik şagirdlərin ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq və bu sahədə onların istedadını üzə çıxarmaqdan ibarət olub.