ELM VƏ TƏHSİL
Məktəblilər arasında keçirilən breyn-rinq intellektual oyununun qalibləri müəyyənləşib
Bakı, 6 iyun, AZƏRTAC
Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan intellektual yarışda 120, 206, 230, 234, 69, 113, 259 və 311 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.
BŞTİ-nin tabeliyindəki 230 nömrəli tam orta məktəbdə təşkil olunan intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Dörd turdan ibarət yarışda IX, X, XI sinif şagirdləri iştirak ediblər. Hər turda cavablandırmaq üçün məktəblilərə beş sual verilib.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 230, 234 və 206 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb. 259 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yeri tutub.
Yarış 230 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin ifasında “Dostluq himni”nin səsləndirilməsi ilə başa çatıb.
Qalib komandalara diplom, kubok və hədiyyələr verilib.