ELM VƏ TƏHSİL
Məktəblilər arasında keçirilən məntiq yarışmasının qalibləri mükafatlandırılıb
Bakı, 8 iyun, AZƏRTAC
Paytaxt məktəbliləri arasında “Universitet-məktəb əməkdaşlığı” layihəsi çərçivəsində məntiq yarışması keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 232 nömrəli məktəbin təşəbbüsü ilə yarış Xəzər Universitetində təşkil olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, yarışda 232, 140, 85, 226, 284, 149 və 193 nömrəli məktəblərin altıncı və yeddinci sinif şagirdləri mübarizə aparıblar. Məntiq sınağında hər birində 6 nəfər olmaqla 7 komanda iştirak edib. Yarışma üç turdan ibarət olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Xəzər Universitetinin əməkdaşlarından ibarət münsiflər heyəti cavabları qiymətləndirib.
Nəticələrə əsasən, 149 nömrəli tam orta məktəbin komandası birinci, 232 nömrəli tam orta məktəbin komandası ikinci, 85 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Tədbirin sonunda məntiq yarışmasının bütün iştirakçılarına sertifikatlar və hədiyyələr, ilk üç yeri qazanan komandalara diplom və medallar təqdim olunub. Birinci yerə çıxan komanda kubokla da təltif edilib.