ELM VƏ TƏHSİL
Məktəblilər arasında keçirilən zona birinciliyinin qalibləri mükafatlandırılıblar
Bakı, 2 iyun, AZƏRTAC
Paytaxt məktəbliləri arasında “Gənc xilasedici və yanğınsöndürən” VI respublika yarışlarının zona birinciliyi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, yarışda paytaxtdakı 39, 51, 56, 141, 149, 164, 220, 225, 243, 276, 281, 288 və 309 nömrəli tam orta məktəblərin komandaları qələbə uğrunda mübarizə aparıblar.
Birincilikdə Bakı ilə yanaşı, Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının da məktəbliləri güclərini sınayıblar. Birincilikdə 17 məktəb komandasını ümumilikdə 119 məktəbli təmsil edib.
Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə üç mərhələdə keçirilib. Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilmiş yarışlarda qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilib.
Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası I, Xətai rayonu 56 nömrəli orta məktəbin komandası II, Nizami rayonu 220 nömrəli məktəb-liseyin komandası isə III yerə layiq görülüb. Bu komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
Qalib komandalar kubok və diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, respublika birinciliyi iyunun 25-dən iyulun 2-dək Qəbələdə keçiriləcək.