ELM VƏ TƏHSİL


Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqənin məşq turuna start verilir

Bakı, 24 iyun, AZƏRTAC

Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə məktəblilər arasında proqramlaşdırma üzrə “Azercell Cup” müsabiqəsinin məşq turuna start verilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 5-7-ci sinif şagirdləri üçün təşkil edilən proqramlaşdırma müsabiqəsində iştirak üçün 2000-dən çox şagird müraciət edib. Həmin şagirdlərin sorğuda qeyd etdikləri elektron poçt ünvanlarına videotəlimat, istifadəçi adı və şifrə göndərilib. Qeydiyyatdan keçən şagirdlərdən elektron poçt ünvanlarının “Gələnlər” və “Spam” qutularını yoxlamaları xahiş olunur.

İyunun 26-dək şagirdlərin sistemdən istifadə bacarıqlarının formalaşdırılması üçün məşq turu təşkil ediləcək. Hər bir şagird ona göndərilən keçid vasitəsilə sistemə daxil olaraq təqdim edilən 2 məsələni həll etməklə əsas yarışa hazırlaşa bilər. Məsələlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilir. Sistemə daxil olunan vaxtdan etibarən 3 saat ərzində məsələlərə həll göndərmək mümkündür. Qeyd edək ki, məşq turu sadəcə yoxlama məqsədilə təşkil olunur və əsas nəticəyə təsir etmir. Elektron poçt ünvanına məlumat daxil olmayan iştirakçıların [email protected] ünvanına müraciət etmələri xahiş olunur.

Əsas müsabiqə isə iyunun 27-də keçiriləcək. Yarış prosesində şagirdlər təqdim edilən alqoritmik məsələlərə “C++” və ya “Python” proqramlaşdırma dillərinin hər hansı birində həll göndərməlidirlər. İştirakçılardan xahiş olunur ki, yarışa girməzdən əvvəl və yarış zamanı sistemdəki “Sual-cavab” hissəsindəki elanları oxusunlar.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.