ELM VƏ TƏHSİL
Məktəblilər arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyinin qalibləri mükafatlandırılıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Məktəblilər arasında stolüstü tennis üzrə Bakı şəhər birinciliyi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yarış bu qurumun tabeliyindəki 229 nömrəli tam orta məktəbdə təşkil olunub.
Paytaxtda oktyabrın 10-da keçiriləcək tennis üzrə respublika birinciliyinə hazırlıq çərçivəsində 11 yaşadək məktəblilər arasında təşkil olunan yarışda 20 oğlan və 18 qız iştirak edib.
Birinciliyin nəticələrinə əsasən, oğlanlar arasında BŞTİ-nin nəzdindəki 229, 82 və 238 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, II,III yerlərə layiq görülüblər. Qızlar arasında isə BŞTİ-nin tabeliyindəki 228 və 229 nömrəli tam orta məktəblərin şagirdləri müvafiq olaraq I, III, Bakı Avropa Liseyinin yetirməsi II yeri tutub.
Qaliblər diplom və medallara layiq görülüblər.