REGİONLAR
Məktəblilər cənub bölgəsinə yola düşüblər VİDEO










Ağstafa, 11 noyabr, Famil Quliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 11-də Qazax, Ağstafa və Şəmkir rayonlarının hər birindən 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə Lənkəran şəhərinə yola düşüb.
Tur-aksiya iştirakçıları əvvəlcə öz rayonlarında Heydər Əliyev mərkəzlərini ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, məktəblilər dörd gün ərzində Lənkəran, Masallı və Astara rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmasına şərait yaradacaq.
Tur-aksiya iştirakçısı, Ağstafa rayonu Qırılı kənd tam orta məktəbinin X sinif şagirdi Dərya Tağızadə ekskursiyadan zəngin təəssüratla qayıdacağına əmin olduğunu deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin ölkəmiz haqqında təsəvvürünün, biliklərinin artmasında mühüm rol oynayır”.
Şəmkir rayonunun Şiştəpə kənd tam orta məktəbinin şagirdi Qalib Allahverdiyev də layihədə iştirak etdiyinə görə çox sevinir. “Lənkəran, Masallı və Astara rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxuyub, eşitmişəm. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə görə biləcəyəm. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib.
Maarifləndirici tur-aksiyanın Qazax, Ağstafa və Şəmkir qruplarının rəhbərləri Rasim Carçıyev, Afət Həsənova və Vəfa Namazova şagirdlərə dörd günlük səfərlə bağlı məlumat veriblər. Bildirilib ki, tur-aksiya iştirakçıları Lənkəran rayonunda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, dairəvi qala, mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astara rayonunda şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.
Sonda məktəblilər Lənkərana yola düşüblər.