REGİONLAR


Məktəblilər internetdəki zərərli informasiyalardan qorunmaq yolları barədə maarifləndirilib

Xaçmaz, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazlı məktəblilər internet informasiya resurslarının zərərli təsirindən qorunmağın yolları ilə bağlı maarifləndirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təhsil ocaqlarında təşkil olunan görüşlərdə yuxarı sinif şagirdləri, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.

“Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində növbəti görüş Çingiz Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təşkil olunub. Diskussiya və aktiv müzakirə şəraitində keçən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov bildirib ki, yeniyetmə və məktəblilər zərərli informasiyaların, zorakılığı təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən əsas çıxış yolu şagirdlərə maarifləndirici görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.

Görüş zamanı internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında danışılıb. Bildirilib ki, qlobal internet şəbəkəsi və texnologiyanın sürətli inkişafını nəzərə alsaq, uşaqların zərərli informasiyalardan qorunması, həmçinin onların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirmə günümüzün ən aktual problemlərindəndir. Hazırda ölkəmizdə əhalinin təxminən 80 faizi internet istifadəçisidir. Onların arasında məktəblilər üstünlük təşkil edir. Lakin heç də hamı internetdən məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir.

Maarifləndirici tədbirlərin rayonun digər təhsil ocaqlarında da keçirilməsi nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində “ARB Günəş” telekanalında sosial videoçarx və proqramlar yayımlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.