ELM VƏ TƏHSİL


Məktəblilər internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırılıblar

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 247 nömrəli tam orta məktəbdə “İnternetdən təhlükəsiz istifadə” mövzusunda tədbir keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə məktəbin direktoru Nihal Hacıyeva tədbirin təşkil olunmasının mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, tədbirin keçirilməsinin əsas məqsədi valideynlərlə bu mövzuda məqsədyönlü söhbət aparmaq, informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydalarını şagirdlərə aşılamaq, uşaqları internetdən istifadə etməyə psixoloji hazırlamaq, savadlı və daha hazırlıqlı gənclər yetişdirməyin yollarını axtarmaqdır.

Tədbirdə internetdən təhlükəsiz istifadə olunmasında valideynlərin üzərində düşən məsuliyyətdən bəhs edən videoçarx nümayiş olunub.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva respublikamızda bütün sahələrdə olduğu kimi təhsildə də İKT-dən düzgün istifadə etmək bacarığına çox böyük önəm verildiyini söyləyib. Vurğulayıb ki, İKT ilə bağlı Təhsil Nazirliyi və BŞTİ tərəfindən müvafiq layihələr həyata keçirilir. İdarə müdiri ibtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması və məktəblilərin kompüterdən, internetdən daha səmərəli istifadə etmələri üçün psixoloji hazırlanması istiqamətində həyata keçirilən işlərin vacibliyindən söz açıb. Eyni zamanda, İKT-dən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətini qeyd edən M.Vəliyeva valideynləri bu məsələdə xüsusilə diqqətli olmağa çağırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Hikmət Məmmədov və Məlahət Həsənova təhsilin bütün pillələrində İKT-nin tətbiqi və istifadə edilməsinin, məktəblilərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək və ötürmək qabiliyyətinin formalaşdırılmasının şagirdlərin informasiya cəmiyyətinin fəal üzvünə çevrilməsi baxımından mühüm rol oynadığını bildiriblər. Bununla yanaşı, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında valideynlərin məsuliyyət daşıdığını diqqətə çatdırılıb, bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.