CƏMİYYƏT
Məktəblilər maliyyə savadlılığına dair məlumatlandırılıb
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə şagirdlər və valideynlər üçün maliyyə savadlılığına dair tədbir keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.
İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.
Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinə, eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.