CƏMİYYƏT


Məktəblilər narkomaniya və onun fəsadları barədə maarifləndirilir

Bakı, 23 fevral, AZƏRTAC 

Nəsimi rayonunda yerləşən 16 nömrəli orta məktəbdə narkomaniya və onun fəsadları və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması və antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə keçirilən tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi, idarənin əməkdaşları, məktəbin şagird və pedaqoji kollektivi iştirak edib.

Tədbirdə çıxış edən Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin ümumdövlət vəzifəsi kimi 1996-cı ildə ulu öndər Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmanı ilə müəyyən edildiyini bildirib. Qeyd edilib ki, insanların sağlamlığının, rifahının və mənəvi əxlaqi-dəyərlərinin qorunması məqsədilə başlayan qətiyyətli mübarizə bu gün də uğurla davam etdirilir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qəbul edilən dövlət proqramları nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində müsbət nəticələr əldə edilib. Bununla belə, maarifləndirmə tədbirləri ilə gəncləri, yeniyetmələri təhlükə barədə xəbərdar etmək, onları qorumaq, ayıq-sayıq olmaq lazımdır.

Eyni zamanda, tədbirdə uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsi diqqətə çatdırılıb. Bu məqsədlə yol polisi tərəfindən məktəblərdə mütəmadi olaraq tədbirlərin keçirilməsinin, azyaşlılarla maarifləndirmə xarakterli görüşlərin davamlı olmasının əhəmiyyəti qeyd edilib.

Çıxış edən digər qonaqlar narkotik bəlanın və avtoqəzalar nəticəsində uşaq ölümləri hallarının ölkəmizdən də yan keçmədiyini təəssüf hissi ilə qeyd edərək, maarifləndirmə tədbirləri ilə bu problemlərin həllində keyfiyyətcə yeni mərhələnin başladığını bildiriblər.

Sonda şagirdləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.